Qaradağda yüksək nəticə göstərib ali məktəbə qəbul olan gənclərlə görüş keçirilib
ATİAHİ Qaradağ rayon komitəsi rayon üzrə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış təhsil işçilərinin övladları ilə görüş keçirib.
Görüşdə çıxış edənlər yüksək nəticə göstərmiş tələbələrə təbriklər deyib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, dövlətimiz gənclərin hərtərəfli inkişafı, potensialının üzə çıxarılması və qiymətləndirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması, cəmiyyətdə əsas aparıcı qüvvəyə çevrilməsi üçün bütün zəruri şəraitləri yaradıb. Odur ki, gənclərdə öz gücünə, istedadına inam hissi artıb, bütün sahələrdə, o cümlədən idman, təhsil və digər sahələrdə uğurları bir-birini əvəzləyir. Savadı, yaradıcılığı, işgüzarlığı ilə ad çıxaran müasir Azərbaycan gəncliyi həm də dövlətə sədaqəti, Vətənə olan dərin məhəbbəti ilə də fərqlənir.
Tələbə adını qazanan gənclər göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər və bildiriblər ki, ali təhsil pilləsində də səylə çalışacaq, bilik və bacarıqlarını artıracaq, yüksəkixtisaslı kadr kimi yetişəcəklər. Sonda təhsil işçisi övladı olan 600-dən çox bal toplamış iştirakçı tələbələrin hər birinə 200 manat mükafat verilib.