Mayın 27-də Qaradağ rayonunda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Qobustan Dövlət Tarix və Bədii Qoruğunda təşkil olunan tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Rayon İcra Hakimiyyəti yanında Şura üzvləri, rayonun təhsil işçiləri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin və ATİAHİ Qaradağ rayon komitəsinin xidmətində olan 7 saylı Bakı Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə
baş tutan tədbirdə çıxış edənlər Azərbaycan xalqının milli-azadlıq mübarizəsindən, müstəqillik tariximizdən, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından, gördüyü işlərdən danışıblar. Bildirilib ki, 1991-ci ildə xalqımız müstəqillik qazansa da, ilk illərdə onu itirmək təhlükəsi ilə qarşılaşmışdı, amma Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqilliyimiz üçün yaranmış təhlükə sovuşdu və xalqımızın xoşbəxt gələcəyinin əsası qoyuldu.
Əlavə olunub ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətləri sayəsində ölkəmizin müstəqilliyi günü-gündən möhkəmlənir, beynəlxalq mövqeləri daha da möhkəmlənir. Qeyd olunub ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməklə dövlətimizin suverenliyini bütün ölkə ərazisində təmin etmiş oldu. Bununla da Azərbaycan qalib ölkəyə çevrildi.
Tədbirdə “Şuşa ili” və “Xurşudbanu Natəvanın 190 illik yubileyi” ilə əlaqədar “Qaradağdan-Qarabağa” adlı ədəbi-bədii kompozisiya və konsert proqramı nümayiş etdirilib. Sonda tədbirin ərsəyə gəlməsində fəal iştirakına görə, 7 saylı Bakı Uşaq və Gənclər İnkişaf Mərkəzinin bir qrup ittifaq üzvünə Qaradağ rayon komitəsi tərəfindən pul mükafatı və Fəxri fərman təqdim olunub.