Qaradağda iqlim dəyişmələri ilə mübarizə mövzusunda seminar keçirilib


Aprelin 26-da ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və əməkdaşlarına “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda təlim keçirilib. Təlim iqlim dəyişmələrinin bu günə olan nəticələri, insan həyatına təsiri, ümumi fəsadları və onunla mübarizə yolları barədə iştirakçıları maarifləndirmək məqsədi daşıyıb. Tikinti və Quraşdırma İşləri üzrə BDPT Mərkəzinin əməkdaşı, sahə üzrə mütəxəssis Şaiq Qədirov bildirib ki, bu qlobal fəlakətin dağıdıcı fəsadları artıq özünü göstərməkdədir. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində baş verən daşqınlar, sel, meşə yanğınları, quraqlıqlar iqlim dəyişikliyi səbəbindən baş verir. Hazırda dünya dövlətlərinin qarşısında duran əsas vəzifə iqlim dəyişikliyi ilə effektli mübarizə aparmaqdır. O həmçinin Azərbaycanda keçiriləcək COP29 barədə ətraflı məlumat verib. Vuruğulanıb ki, COP29-un ölkəmizdə keçirilməsi qlobal gündəliyə töhfə vermək üçün əvəzsiz imkanlar yaradır. Eləcə də təlim zamanı əməyin mühafizəsi işinin təşkili və qanunvericiliyin tələblərinə əməl edilməsi, nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrində olduğu kimi təhsil müəssisələrində də düzgün təşkil olunması vacib hesab olunub. Bu məqsədlə məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin siyahısı, məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilində məsuliyyət daşıyan şəxslərin vəzifələri və ondan irəli gələn məsələlər müzakirə olunub, müvafiq mövzular üzrə aktiv diskusiya təşkil olunub və qrup işləri görülüb.

Qeyd edək ki, təlim zamanı iqlim dəyişikliyi və COP29-la bağlı videoçarx nümayiş olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo