Qaradağda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Qafar Əliyev, məktəb direktorları, müəllimlər və uşaq bağçasının işçiləri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi hörmətlə yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov çıxış edərək bayram münasibətilə müəllimləri təbrik edib və onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Deputat Səbinə Xasayeva gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə almasında, müasir elmi biliklərə yiyələnməsində, onların cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində müəllimlərin fədakar əməyindən danışıb.
YAP Qaradağ rayon təşkilatının sədri Q.Əliyev isə çıxışında əsasən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda müəllim əməyinə, şəxsiyyətinə verdiyi yüksək qiymətdən bəhs edib.
Tədbirdə V.Əsədov adına körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında müəllimlərə həsr olunmuş şeirlər səslənib. Çıxış edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə, təşkilatçılara minnətdarlıq ediblər. Sonda təhsildə və rayonun ictimai-siyasi həyatında fərqlənən müəllimlərə Qaradağ Rayon İcra Hakimiyyətinin və ATİAHİ Qaradağ rayon komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
Həmçinin rayonun ictima-siyasi həyatında, təhsil sahəsində və həmkarlar ittifaqı hərəkatında fərqləndiyinə görə, ATİAHİ Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo