Qaradağ rayon 321 №-li tam orta məktəbdə “Xocalı - qan yaddaşım!” adlı görüş keçirilib.
ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin rəhbərliyi və kollektivi, Dövlət Sərhət Xidmətinin “N” saylı hərbi hissəsinin zabitləri iştirak ediblər.
Tədbirdə çıxış edən məktəbin direktoru K.Hüseynova, ilk həmkarlar ittifaqının sədri G.Nurəddinova, məktəbin hərbi rəhbəri, Qarabağ müharibəsi iştirakçısı A.Verdiyev Xocalı faciəsindən, erməni təcavüzündən, törədilən terror aktlarından danışıblar.
Vurğulanıb ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb. Artıq Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
Bildirilib ki, Azərbaycan xalqı heç zaman Xocalı qurbanlarını unutmayacaq, daim yad edəcək.
Tədbirdə şagirdlərin ifasında soyqırımına həsr edilmiş səhnəciklər izlənilib və şeirlər dinlənilib.