Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibləri arasında Qaradağ rayon 110 №-li tam orta məktəb də yer alıb. Bu münasibətlə ATİAHİ Qaradağ rayon komitəsi məktəbin həmkarlar ittifaqına rəngli “HP” markalı printer hədiyyə edib.
Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurumun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.
Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Bundan başqa, Qaradağ rayon komitəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayonun 228 №-li tam orta məktəbinin ibtidai sinif şagirdlərinə yeni il şənliklərində iştirak etmək üçün biletlər paylayıb.