Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir
“Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi. Sovet hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb etsə də, Ulu Öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Azərbaycan dili məsələsi də daim onun diqqət mərkəzində olub. Ana dilinin qorunması, inkişaf etdirilməsi, mütəmadi olaraq zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi qayğı ilə yanaşırdı. Bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi. 1970-ci illərin ortalarından SSRİ respublikalarının ictimai-siyasi həyatında dil məsələsi geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, ittifaqda milli dillərin sıxışdırılması prosesi getdikcə güclənirdi, hətta respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən ehtiyat edirdilər. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bunu mən şəxsən Ulu Öndərin xalqımız, Vətənimiz, dövlətimiz qarşısında ən böyük tarixi xidmətlərindən biri hesab edirəm. O, bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi məharətlə qorumuş oldu”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Ulu Öndərin bu qədər ana dilimizə dəyər verməsi, onun qorunması üçün bütün çətinliklərə baxmayaraq, mübarizə aparması Vətənmizə olan sonsuz sevgisindən irəli gəlirdi: “Bir sözlə, Azərbaycan dilinin qorunması və inkişafı üçün nə mümkün idisə onu da edirdi. Azərbaycanda dilçi alimlərə yüksək hörmət və qayğının göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Yəqin ki, 1995-ci ildə Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı irəli sürülən müxtəlif təklifləri xatırlayırsınız. Təbii ki, böyük əksəriyyət ana dilimizin Azərbaycan dili adlandırılmasını dəstəkləyirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması ana dilimizin inkişafı və qorunmasını daha da möhkəmləndirdi”.

“Ulu Öndərin dilimizin qorunması və inkişafı istiqamətində gördüyü işləri digər sahələrdə olduğu kimi, sədaqətlə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycan dilinin geniş tətbiq edilməsi, sərbəst şəkildə inkişafı üçün hər cür şərait yaradılıb. Dilimizin bugünkü inkişaf səviyyəsi və zənginliyi imkan verir ki, mürəkkəb və dərin fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə ifadə edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları dilimizin qədim tarixini, inkişafının bugünkü zirvəsini və kamilliyini bir daha təsdiqləyir. Hər birimizin də müqəddəs vətəndaşlıq borcudur ki, ən dəyərli milli sərvətimiz olan dilimizi göz bəbəyimiz kimi qoruyaq, daim qayğı ilə yanaşaq və gələcək nəsillərə ötürək”, – Milli Məclisin deputatı deyib.


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo