110 №-li məktəbdə “Təmsilin Ziyası” adlı tədbir keçirilib

Görkəmli şair, təmsil ustası, tərcüməçi, publisist və dramaturq, Əməkdar incəsənət xadimi Hikmət Ziyanın 95 illik yubileyi ilə əlaqədar Qaradağ rayonunun 110 №-li məktəbində “Təmsilin Ziyası” adlı tədbir keçirilib.
ATİAHİ Qaradağ rayon komitəsinin təşəbbüsü ilə baş tutan tədbirdə uşaq ədəbiyyatının sevimli nümayəndələri - Zahid Xəlil, Rafiq Yusifoğlu, Eyvaz Zeynalov, Qəşəm İsabəyli, Hikmət Ziyanın qızı Arzu Xudiyeva, nəvəsi Aytən Xudiyeva və məktəbin kollektivi iştirak ediblər.
Çıxış edənlər şairin ömür yolundan və zəngin yaradıcılığından danışıblar. Qeyd olunub ki, Hikmət Ziya təmsili ədəbiyyatımızda kamil səviyyəsinə ucalmış sənətkar olaraq özündən sonra zəngin ədəbi irs qoyub. Onun ustalığı, bədii fikrinin yeniliyi və kamilliyi ondadır ki, heç kəsi təkrar etmir, həyatdan aldığı mövzuları özünəməxsus üsullarla və obrazlı ifadələrlə canlandırır. Şairin dövrün tələbi ilə uzlaşan ictimai-siyasi məzmunlu şeirləri, sevgi duyğularını əks etdirən lirik nəğmələri, dərin məzmunlu təmsilləri, nəsr əsərləri, tərcümələri özündən sonra xalqımıza yadigar qalıb.
Sonra şagirdlər şairin yaradıcılığına müraciət edərək şerlər söyləyib, mahnılar ifa ediblər. Həmçinin şairin həyatından bəhs edən “Təqib” pyesi nümayiş olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo